“Hörmətsizsən, insanların gözündən düşübsən...” – Leyla Ramazanlı tənqid etdi

01 2018 12:59

Gündəmin düz mərkəzində olmaq üçün gecə yatmayıb hey fikirləşənlərdən fərqli olaraq, Leyla Ramazanlı özünün dediyi kimi gündəm müğənnisi deyil. Qalmaqal üçün intriqaya girmək də onun xarakterində yoxdur.

Leyla Ramazanlı: “Mən özümü gündəm müğənnisi hesab eləmirəm. Sənətdə olduğum müddət ərzində mənim qalmaqallarım çox olmayıb. Bəlkə də, bu, təbiətimdən irəli gəlir. Bəlkə, insanlarla münasibətimin pozulmağını istəmirəm”.

“Həmişə başımı aşağı salıb sənətimlə məşğul olmuşam. Az olsun, çox olsun, amma düşünmüşəm ki, hörmətim üstümdə qalsın və insanlar məni olduğum kimi sevsinlər”.

Leylanın sözlərindən belə aydın olur ki, heç kim onu hansısa həmkarı ilə qalmaqala çəkə bilməz. Ən azından o, bunu sevmir.

Leyla Ramazanlı: “Cavab verməkdən qorxmuram. Sadəcə olaraq kimlərinsə qəlbini qırmaq istəmirəm. Mən öz sənətimə fikir vermişəm. Xoşum gəlmir ki, kiminsə haqqında söhbət edim, onu müzakirə eləyim. Əvvəldən bunu sevməmişəm”.

Ailədə ciddi qayda-qanunlar olduğu üçün bəlkə də, Leyla Ramazanlı sərhədləri aşmaq, dilə-dişə düşmək istəmir.

Leyla Ramazanlı: “Anam 30 ildən çox mədəniyyət sahəsində çalışıb. O, bizi tək böyüdüb. Mənim atam şəhid olub. Ailəmiz hər zaman mühafizəkar olub. Ciddi qayda-qanunların olduğu ailədə böyümüşəm. Bəlkə də, bu ailədə böyüdüyüm üçün bəzi məsələlərdə özümə sərhəd qoyuram. Heç kimin bostanına daş atmıram, öz işimlə məşğulam”.

Leyla, həm şou biznesdəsən, həm də şou-biznesdəkilərdən uzaq gəzirsən. Nə məsələdir?

Leyla Ramazanlı: “Əslində özüm şou-biznesdəkilərdən uzaq gəzirəm. Nə isə deyərəm, kiminsə xətrinə dəyə bilər. Söz deyirsən, gedib başqa cür çatdırırlar”.

“Əslində elə göründüyüm qədər sakitəm. Ancaq özümü də müdafiə edə bilirəm. Fikirlərimi söyləyə bilirəm. Şou-biznes nümayəndələri ilə münasibətim yaxşı olsa da, uzaq qaçıram”.

Gec olsun, güc olmasın, deyən müğənni, bəzi həmkarları kimi işin asan və tez başa gəlməsi üçün ya qalmaqala, ya da açıq-saçıqlığa getməyin düzgün olmadığını söylədi.

Leyla Ramazanlı: “Hansısa müğənni ilk addımında tanınmırsa, ortalığa nəsə atır ki, diqqət çəkə bilsin. Qalmaqal da ola bilər və ya açıq-saçıq geyimlə də gündəmə gələ bilər. Düzdür, populyarlıq olur. Biri var hörmətsizsən, insanların gözündən düşübsən, sevilməyərək, populyarsan. Biri də var, öz əziyyətinlə irəliləyəsən. Düzdür, hamı istəyər ki, hər şey daha asan və tez olsun. Ancaq mən həmişə normaları gözləmişəm. Eybi yox, qoy, gec olsun, amma güc olmasın”.

Leyla qalmaqaldan uzaq olan sənət yeniliklərini də eksklüziv olaraq “Şou məkan”a açıqladı.

Leyla Ramazanlı: “İki yeni  mahnım gəlir. Biri Sevinc Mansurovadandır, digəri isə Nurlan Hatəmoğlunundur. Yeni mahnılarımdan biri “Səbr elə” adlanır. Ritmik, yay ab-havalı mahnıdır. Mahnını çox bəyəndim, emsional mahnıdır. Hələ ki, studiyadadır. İfanı kliplə bərabər təqdim edəcəm”.

Biz də sonda ifaçıya yaradıcılıq uğurlarının hər zaman bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.