“Ayıq başla mümkün deyil, gərək içkili olasan...“ - Vüsal Hacıyev etiraf etdi

26 2018 12:43

Müğənni Vüsal Hacıyev həmkarları kimi bu gün sənətin qorxulu bəlasına çevrilən və onu uçuruma doğru aparan bayağı mahnılardan gileyləndi. Vüsal iki notun fəlsəfəsini bilməyən, ancaq toylarda mahir masabəyi kimi məclis aparan bəzi müğənnilərdən ola bilməyəcəyini söylədi. Palaza bürünüb elnən sürünmək də onluq deyil.

Nə qədər ki bayağı mahnılar ayaq açıb yeriyir və qarşısını almaq ümumiyyətlə, mümkün deyil, o vaxta kimi də müğənni Vüsal Hacıyevin giley-güzarı davam edəcək.

Vüsal  Haciyev : “Azərbaycanda hər bir peşəkar musiqiçiyə mikrofonu uzatsaz, hamısı gileylənəcək. Çünki son dönəmdə hələ ki,  bayağı musiqilər baş alıb gedir.  Qabağını almaq olmur. Biz də bilmirik ki, hansı janra müraciət edək ki , insanların qəlbinə yol tapaq, insanları yaxşı musiqiyə kökləyək. Mənə açığı toy bazarına girib pul qazanmaq elə də maraqlı deyil. Çünki toy biznesi məni yorur.

Müğənni digərləri kimi ona görə palaza bürünüb elnən sürünmək istəmir ki, bəzi dırnaqrası müğənnilər kimi təhsilsiz deyil. Notun, musiqinin, sənətin nə olduğunu yaxşı başa düşür.

Vüsal  Haciyev :  “Palaza bürünmək üçün  düşünürəm ki, Bülbül adına musiqi məktəbini bitirmək lazım deyil, konservatoriyanı bitirmək lazım deyildi, vokal sənətiylə maraqlanmaq lazım deyildi. İndi gündəmdə olan musiqiləri ifa etmək üçün sənətə ehtiyac yoxdur. Musiq təhsili sanki ailə tərbiyəsi kimi bir şeydir. İnsan çalışır ki, başqalarına ailə tərbiyəsini təqdim eləsin. Həddini aşmadan , normal şəkildə. Görürsünüz ki, biz bir məkanda oluruq , orda cahil insanlar çox olur. Düzdür, onlarla ünsiyyətdə oluruq, amma yenə də öz sərhədimizi qoruyub saxlayırıq. Bizim sənətdə belədir. Çalışırıq ,öz mədəniyyətimizi , ifaçılığımızı qoruyub saxlayaq”.

Həmkarlarının ay boyu məclislərdə mahnı ifa etməsini nümunə gətirən Vüsal, onlar kimi hər gün toy idarə edə bilməyəcəyini etiraf etdi.

Vüsal  Haciyev : “ İnsanlarımız var ki, ayda 20-25 beş toya gedir. Pul qazanmaq üçün yaxşıdır. Musiqiçiyə böyük maddiyyat lazımdır. Amma o toy bazarında bütün günü olmaq məni yorur. Bütün  günü ayıq başla 6 saat oxumaq mümkün olan iş deyil. Gərək içkili olasan , ya da kefin yaxsı olsun. O cür səs-küyün qabağında insan aqressiv olur. Mənim üçün çox çətindir, bunu bacarmaram. İyirmi gün dalbadal toy oxuya bilmərəm”.

Toylarda hər zövqə xitab etmək elə də asan məsələ olmadığı üçün müğənni bəzi məqamlarda çətinlik çəkdiyini təəssüflə dilə gətirdi.

Vüsal  Haciyev : “Axırıncı toyda bir mahnı istədilər. Dedim bilmirəm, o mahnını. Gördüm aqressivləşdi, sonra  yenə bayağı mahnılardan istədilər. Qız tərəf deyir ki, sizi repertuarınıza görə çağırmışıq. Bilirlər ki, səliqəli bəstəkar mahnılarıdır. Oğlan evi görürsən ki , dağ zonasındandır. Onda bilirəm ki, məclisdə ikitərfəli oxumaq lazımdır. Saza da yer vermək lazımdır. O məqamlarda çətinlik çəkirəm.Mənim üçün muğam , aşıq mahnısı ifa etmək elə də qəliz deyil. Çünki mən muğam məktəbini bitirmişəm. Amma o sadaladığım bayağı mahnıları repertuarıma daxil etmirəm. Əsasən özümlə apardığım xanım musiqiçi ifa edir”.

Vüsal, bu toy mahnıları, bayağı ifalar hər kəsin dərdi olsa da, hələlik qarşısıalınmaz şəkildə davam edir. Söylə görək, hansı sənət yeniliklərin olacaq?

Vüsal  Haciyev: “Bu il 1 saatlıq konsert vermək haqda düşünürəm. O da canlı  şəkildə təqdim etmək istəyirəm. Məkanı seçəcəyik . Amma bir saatdan artıq olmayacaq. Beləliklə, konsertlər başlayacaq. Repertuarda iyirmi üç mahnı var. Üç mahnı yenidir, üzərində işləyirəm. Amma birinə klip çəkiləcək. Ritmik mahıdır”.

Biz də sonda Vüsal Hacıyevə yaradıcılıq uğurlarının bol və davamlı olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.