“Sən həyatda olmayanda mən səhnədəydim...” – Səyyad Əlizadə

27 2018 11:45

Bu dəfə müğənni Səyyad Əlizadə dost-tanışı, sənət əhlini ətrafına toplayıb “Şou məkan”ı qarşıladı. Qonaqlı-qaralı olan ifaçı, albom hazırlığında olduğunu açıqladı. Sənətə yenicə gəlib artıq yorulduğunu, hətta xeyli iş gördüyünü deyənlər, Səyyad müəllimin sənət yenilikləri ilə tanış olub gözlərinə su versinlər.

Artıq iki albomunun yaxın zamanlarda işıq üzü görəcəyini söyləyən müğənni Səyyad Əlizadə, vətənpərvər mövzuda mahnılar ifa etməyi sevdiyini dilə gətirdi.

Səyyad Əlizadə: “İki albomumuz artıq işıq üzü görmək ərəfəsindədir. Bir həftədən sonra yəqin ki, təqdim edərik. Biri “Sən xoşuma gəlirsən” adlanır. İkincisi “Azərbaycan Türkiyə” adlanır. Mən həmişə yaradıcılığımda vətənpərvər mövzulara üstünlük verirəm”.

“Hazırda böyük bir layihəmiz də var: “Anam Azərbaycan” adlanır. Marşımızın isə sözləri Telli Pənahqızına, musiqisi isə mənə aiddir. Mahnı Əbülfəz Sadiq tərəfindən aranjiman olunub”.

Söz və musiqi aşiqlərini ətrafına toplayıb onlarla əməkdaşlıq etdiyini deyən Səyyad müəlimin sənət yenilikləri də belə görünür ki, kifayət qədər çox olacaq. 

Səyyad Əlizadə: “Bəstəkar, şair və müğənni İlqar Əliyev layihədə iştirak edəcək, 30 ildir ki, Avropada yaşayırdı. Mən istəyirəm, onun da musiqilərini Azərbaycan dinləyiciləri eşitsinlər”.

“2015-ci ildə Muğam müsabiqəsinin laureatı Elgiz Əliyev mənimlə sıx əməkdaşlıq edir. Onunla da bir layihəmiz var. Mahnılar üzərində çalışırıq. Şair, bəstəkar Xəyal Xəzri də mənimlədir. Mən bu qədər insanla əməkdaşlqı edirəm”.

Müğənninin həmkarları məsələnin maddiyyat tərəfini düşünüb tamam başqa mövzularda mahnı oxusalar da, Səyyad Əlizadə vətən mövzusuna daha çox üstünlük verir.

Səyyad Əlizadə: “Vətənimi, xalqımı, dövlətimi, dövlətçiliyimizi çox sevirəm. Elə mahnılar var ki, ona vəsait xərcləyirsən, gəlir gətirir. Vətənpərvərlik mövzuları gəlir gətirmir. Bu mahnılarla mən mənəvi sakitlik tapıram”.

“Bu yaxınlarda gənc bir ifaçı var, Hüseyn Qəmbəroğlu,  onunla “biz sülh istəyirik” adlı duetim oldu. Qarabağ haqqında da bir mahnı oxumuşuq. Bu mahnını da gənc bir ifaçı ilə oxumuşam. Bütün bunlar yeni albomda təqdim olunacaq”.

Təmənnasız insan olduğunu söyləyən müğənni, iki gündür sənətə gəlib sinəsinə döyənləri görüb təəssüf hissi keçirdiyini də etiraf etdi.

Səyyad Əlizadə: “Mən təmənnasız insanam. Dostluqda da, yoldaşlıqda da, sənətdə də. 40 ildir ki, bu sənətdə xidmət edirəm. Təbii ki təmənasız xidmətdən söhbət gedir. 3-4 il sənətdə olub mükafat alan biri sabah gəlib konsertə çıxanda deyir, mən filankəsəm ey. O adama təsir edir. Sən həyatda olmayanda mən səhnədəydim”.

Biz də sonda sənətçiyə yaradıcılıq yolunda hər zaman uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.